Kriptovalyuta və NFT investisiya şirkəti “LunarCrush” Aya 62 bitkoin göndərəcək ki, bunun da hazırda dəyəri təxminən 1,7 milyon dollardır.
Hafta.az-ın yazdığına görə, MAPP kosmik zondu tərəfindən göndəriləcək bitkoinlər ora çatacaq ilk şəxsə mükafat olaraq veriləcək. “Nakatomo-1” adlı mükafat üçün kriptovalyutaların saxlandığı pul kisəsinin parolunu tutmaq kifayət edəcək. Kod bu ilin sonunda kosmosa buraxılacaq MAPP-da həkk olunacaq.
“LunarCrush”un CEO-su Coy Vazzini deyib: "Qarşınıza əlçatmaz kimi görünən bir məqsəd qoyduğunuzda, yenilik inanılmaz ola bilər. Məqsədimiz insanları yeni kəşflər dövrünü açacaq icmalar qurmağa ruhlandırmaqdır. Bütün tələbələr, qruplar və şirkətlər Aya çata bilər və gedib orada xəzinəni tapın”.
Kosmik gəmini Aya göndərəcək “LunarOutpost”un qurucusu Dr. Forrest Meyen bildirib ki, “Nakatomo-1” layihəsi gələcək nəsli kosmosa səyahət və kəşfiyyat qarşısındakı maneələri dəf etmək məqsədilə ruhlandırmaq üçün bir fürsətdir.
Şirkət həmçinin açıqlayıb ki, kosmik gəmidə şəxsi açarın həkk olunması prosesi tam sənədləşdiriləcək və şəffaf olacaq. Açıqlamaya görə, hətta şirkət daxilindəki komandaların belə parola girişi olmayacaq.
Kosmik gəminin bu ilin son rübündə SpaceX raketi ilə kosmosa çıxacağı gözlənilir, lakin təhlükəsizlik səbəbi ilə dəqiq tarix hələ açıqlanmayıb.
“LunarCrush”un Aya göndəriləcək kripto pulları maliyyələşdirmək üçün bəzi NFT kolleksiyalarını satacağı bildirilir. Kriptovalyutanı daşıyacaq MAPP kosmik zondu, Ayın cənub qütbündə simsiz məlumat ötürülməsinin necə işlədiyinə dair bəzi testlər də aparacaq.